Ən Yaxşı 20 Kitab - Agah Ol

Breaking

Post Top Ad

Responsive Ads Here

Post Top Ad

Responsive Ads Here

6 Jul 2016

Ən Yaxşı 20 Kitab

Xarici mətbuatın hazırladığı 20 ilin ən yaxşı 20 kitabının siyahısını dərc edirik:


1. Douglas Adams “The Hitchhiker’s Guide to the Galaxy” (“Avtostopçunun Qalaktika Bələdçisi”). İlk buraxılış 1979-cu ildə gerçəkləşdirildi. Amma 2008-ci ilə qədər silsilə şəklində gələn kitab inanılmaz populyarlıq qazandı. Douglas Adamsın qeyri-adi surətləri, kitablarda əksini tapan qəribə zarafat anlayışı insanlara çox vaxt ağılsızlıq kimi gələn hadisələrə gözlənilməz bir yanaşma tərzi formalaşdırdı. “Özü üçün yaşayan, üstəgəl həddindən çox mühitə uyğunlaşan bir adam olan Artur Dent bir səhər oyanır və evinin axmaq bir səbəblə söküləcəyini öyrənir, amma bu sadəcə başlanğıcdır”


2. Marlo Morgan “Real People” (“Gerçək insanlar” və ya “Bir cüt ürək”). Əsl peşəsi həkimlik olan Marlo Morgan Avstraliyada qarşılaşdığı aborigenləri və onların on minillik adət və ənənələrini, şəxsi araşdırma və məlumatlarını da qataraq qələmə aldığı kitabda maddi dünyanın ciddi ehtiyacı olan bir ruh səyahətindən danışıb. Ucsuz bir çölün ortasında özlərini “gerçək insanlar” adlandıran aborigenlərlə bir səyahətə çıxan yazıçı tamamilə başqabir həyat fəlsəfəsi və dəyərlərlə qarşılaşır. “Bir aborigen duası: “Səni həyata bağlayacaq qüdrətə sahib gözəlliklərlə dolu bir həyat sürməyini arzulayıram. Ruhunu canlı tuta biləcək, onu bədənində saxlayacaq qədər xoşbəxtlik diləyirəm”.

3. Jostein Gaarder “Sophie’s world” (Sofiyanın dünyası”). 90-cı illərin əvvəllərində sadə bir müəllimin şagirdləri üçün yazdığı adət olunmayan fikirləri özündə birləşdirən fəlsəfə kitabı bütün dünyada çox qısa bir zamanda inanılmaz sayda oxucu yığdı. 15 yaşında bir qızın hər gün poçt qutusunda tapdığı və ona həyatın hər gün bir dəyərini, bir mənasını, bir yönünü açıqlayan və bir it tərəfindən qutuya qoyulan məktublarla başlayan bir fəlsəfə kitabı əslində bütün zamanların tarixinə verilmiş bir dərsdir. Sırf bu yanaşma onu ilin kitabı etmişdi. “Kim olduğunu bilməməyi qəribə deyildi? İnsan olmaq, dünyaya insan kimi gəlmək belə onun fikri deyildi. Öz-özünə yaranmışdı necəsə. İnsan nə idi?”

4. Paulo Coelho “The Alchemist” (“Kimyagər”). Dünyaca məşhur yazıçı bu əsəri 1988-ci ildə yazıb. Amma roman öz dəyərini və layiq olduğu qiyməti 90-cı illərdə aldı. Dünyanın hər yerindən oxucu rəğbəti qazanan kitab çoban Santiaqonun bütün sürüsünü satıb, özünü və həqiqəti tapmaq üçün Misirə səyahətini və öyrənmək və tanımaq yolundakı macəralarını əks etdirməklə 90-cı illərin sonlarınadək populyarlığını itirmədi. Əsərin 2004-2005-ci illərdən yenidən məşhurlaşması bütün pisliklərin gün işığına çıxdığı bir dünyada mənəviyyata toxunuşun yollarını özündə əks etdirməsi ilə əlaqələndirilir. “Sən qoyunları və piramidaları xəyal edirsən. Sən mənim kimi deyilsən, çünki sən xəyallarını gerçəkləşdirmək istəyirsən. Halbuki mənim istədiyim sadəcə Məkkəni arzulamaqdır”.

5. Mark Victor Hansen and Jack Canfield “Chicken Soup for the Soul” (“Toyuq şorbası” və ya “Ruhunuzu qızdıracaq hekayələr”). “Bu kitab satılmaz” cavabından bezən iki yazıçı axırda uğursuz dəyərləndirilən bu kitabı nəşr etməyə razılaşan nəşriyyat tapanda cəmi üç ay sonra dünyanın hər yerində adlarının çəkiləcəyini təsəvvür belə etməmişdilər. Nəticə isə əsərin layiq olduğu kimi oldu – 50-dən çox ölkədə çap olunan kitabın satışı bir ildə 130 milyonu keçdi. Kitab ayrı-ayrı hekayalərdən ibarətdir və bu hekayələrin iddia etdiyi düşüncələrlə yaşayan insanların xəyal etdikləri həyatı yaşaya biləcəklərini irəli sürür. “Ürəkdən axan sözlər, axıb ürəyə dolar. Ağızdan çıxan sözlər isə bir qulaqdan girib, o biri qulaqdan çıxar”.

6. John Gray “Men Are from Mars, Women Are from Venus” (“Kişilər Marsdan, Qadınlar Veneradan”). Kitabın ilk nəşrində 50 milyondan yuxarı bir satış göstərici ilə yaddaşlarda qalması onu iki il düşməyən tələbatla ən çox satılanlar arasında saxladı. Kişi-qadın münasibətlərinə aid hər bir məlumatı, təcrübəni, elmi araşdırmaları, münasibətlərin psixoloji əsaslarını özündə əkas etdirən kitab bir növ əks cinsi anlama və ovlama bələdçisi idi. “Kişilər özlərini sərbəst, rahat və yaxşı hiss etmək və problemlərini təkbaşına həll etmək üçün mağaralarına çəkilirlər. Qadınlar isə bir yerə yığışıb problemlərini açıq-aydın ortaya qoyur və müzakirə edirlər”.

7. Daniel Goleman “Emotional İntelligence” (“Emosional Düşüncə”). Professor Golemanın bu kitabından əvvəl hamımız üçün ağıl, düşüncə, zəka göstərici İQ idi. Golemanın psixologiyada yeni bir cığır açan “Emotional İntelligence” əsəri bu inancı kökündən sarsıtdı. Çünki İQ göstəriciləri həyat okeanında uğur və ağlı ifadə etməkdə olduqca zəif idi. “Özünü tanımaq, bir hissi, bir duyğunu yaranarkən görmək, emosional düşüncənin bünövrəsidir”.

8. Michael Behe “Darwin’s Black Box” (“Darvinin qara qutusu”). Son illər ərzində dünyada geniş müzakirə obyektinə çevrilən “Smart Design” ( Ağıllı dizaynlar”) məfhumu üçün də ilk qığılcımı bu kitab yandırdı. əsrin 100 kitabından biri seçilən “Darvinin qara qutusu” həyatın təsadüf olmadığını elmi əsaslarla, təcrübələrlə sübut etdi. Əsər canlıların həyatında təsadüf deyə reallaşan şeylərin şüursuz şəkildə yaşandığının yanlış düşüncə olduğunu və bunların hamısının əslində şüurlu şəkildə yaşandığını göstərdi. “… Hüceyrə bir dəfədə tam və əskiksiz olaraq yaranıb, təbii seleksiyanın bunda heç bir rolu yoxdur”.

9. J.K.Rowling “Harry Potter”. Uşaqlar üçün yazılmış silsilə bir roman olsa da, böyükləri də özünə bağladı və demək olar ki, indi izləyici və oxucuların çoxu 18 yaşdan yuxarı insanlardır. “Harry Potter” qlobal bir dəyərə çevrildi. Altı kitablıq silsilə romanın hər cildi ayrı bir möhtəşəm uğur qazandı. Sonuncu cild çıxdığı ilk gün təkcə ABŞ-da 8,5 milyon oxucusuna qovuşdu. Bununla da “Dünyanın ən sürətlə satılan kitabı” oldu. 70-dən çox dilə tərcümə olunan əsər 500 milyondan çox satış göstəricisi əldə edib. “Bəs sehirli əsanı yellətsəm və heç nə olmasa, onda necə?”- “Əsanı bir tərəfə tulla və onun burnunun ortasına yumruğu ilişdir”.

10. Robin Sharma “Discover Your Destiny With The Monk Who Sold His Ferrari” (“Ferrarisini satan keşiş”). Özünütərbiyə, şəxsi inkişaf və rahiblik kitablarının xüsusilə sevildiyi son 20 ilin bütün dünyada ən çox səs gətirən kitablarından biri də “Ferrarisini satan keşiş”-dir. Kitabın maddi cəhətdən gətirdiyi qazanc bir Ferrari satdıran Sharmaya milyonlarla Ferrari aldıra biləcək qədər çox oldu. Əsərdə bədbəxt bir vəkilin Ferrarisi də daxil olmaqla hər şeyini satıb, Hindistana gedərək din xadimlərindən öyrəndikləri ilə özünü qram-qram yenidən qazandığından bəhs edilir. “Xoşbəxtlik doğru qərarlarla, doğru qərarlar təcrübə ilə, təcrübə isə yanlış qərarlarla qazanılır”.

11. Jared Diamond “Guns, Germs, and Steel” (“Silahlar, Mikroblar və Polad”). əkinçiliyin başlamasından yazının kəşfinə, dinlərin meydana çıxmasından imperiyaların qurulmasına kimi tarixin gedişini müəyyənləşdirən bir çox əhəmiyyətli hadisəni detalları ilə incələdi Diamond. Əslində bununla hər bir fərdin 13 min illik tarixini də aşkarladı. Pulitzer mükafatını qazanmaqla yanaşı, bəşəriyyətin inkişaf tarixinə tamamilə fərqli bir yanaşma cığırı açdı. “Tarix ayrı-ayrı xalqlar üçün fərqli istiqamətlərdə getdi. Amma bu xarici səbəblərə görə belə fərqli getdi. Bunun xalqların bioloji fərqlilikləri ilə əlaqəsi yoxdur”.

12. Chuck Palahniuk “Fight Club” (“Döyüş Klubu”). Kitab klassik yer altı və ya dərin dpvlət deyilən qaranlıq dünyalardakı həyatları canlandırırdı. Onun ana xəttində sarsıdıcı bir sistem dururdu. Yalanlar və bədbəxt həyatlarla örtülmüş bir dünyada bir qoruyucu ilə azğın bir intiqam mələyinin arasında bir portret çəkən Taylor Durden adlı baş qəhrəmanın düşüncələri əslində tükətmək həvəsiylə yanan bir cəmiyyətə qarşı gələn bir insanın hekayəsidir. Yazıçının bu ilk romanı özünəməxsusluğu ilə də ədəbi mühiti sarsıtdı. “Mebel alırsınız. Sonra axtardığınız yemək dəsti. Sonra da o gözəl, sevimli evinizə qısılıb, qalırsınız. Bir müddət sonra sahib olduğunuz şeylər artıq sizin sahibiniz olur”.

13. Eric Schlosser “Fast Food Nation” (“Qamburger Cümhuriyyəti”). Fast Food mədəniyyətinin təməl prinsip və məqsədlərini araşdıran və xəstəliyi xatırladan bu mədəniyyətin qaranlıq tərəflərini göstərən kitab heç gözlənilməyən dərəcədə oxucu auditoriyasından dəstək gördü. Kitab Fast food sənayesinin insan sağlamlığını nəzərə almayan prinsiplərindən, mühitə verdiyi zərərdən, gəlir bölüşdürülməsində və vergi yayınmalarındakı ədalətsizliyə, film sektoru ilə gizli müqavilələrinə qədər bütün sirlərini ortaya çıxardı. “Qidalanma forması bir xalq haqqında sənət və ədəbiyyatından daha çox məlumat verər. …O yediyinizin yediyinizi düşündüyünüz şeylər olduğunu düşünürsünüz?!”.

14. Dan Brown “The Da Vinci Code” (“Da Vinçi şifrəsi”). Bir cinayətlə başlayan və Həzrəti İsa və kilsəyə aid çox gizli sirlərin açılması atmosferində keçən proseslərin əks olunduğu əsər çox tənqid aldı, çox müzakirə edildi. Papanın başçılığı ilə də müzakirəyə çıxarılan əsərin bəlkə də bir ildə 80 milyonluq bir satış göstəricisi qazanmasının əsas səbəbi də məhz bu tənqidlər oldu. Dan Braun İsanın əslində ölmədiyini, evlənib ailə qurduğunu, soyunun nümayəndələrinin günümüzə qədər yaşadıqlarını və bir sözlə, Allahın olmadığını ana temanı açan sirlər kimi qələmə verməklə yanaşı, bir çox dini və tarixi detalı da ustalıqla temaya uyğunlaşdırdı. “Məsihin Tanrının oğlu olduğu İznik şurasında təklif edilmiş və qəbul edilmişdi. Bir dəqiqə. Isanın da bu yolla Tanrının oğlu seçildiyini iddia edirsiniz? Səsvermə də demək olar”.

15. Rick Warren “The Purpose Driven Life” (“Məqsədli həyat”). Məqsədə köklənmiş və mənası olan bir həyat üçün yol xəritəsi təklif edən yazıçının kitabı hədəflənmiş uğuru aşdı. 30 miyondan çox oxucunun seçimi olan kitabın uğuru həm də Qərbdə insanların “həyata dəyər vermək və onu daha da qiymətləndirmək” cəhdlərinin getdikcə daha genişləndiyi bir vaxtda nəşr olunması ilə bağlı idi. “Bu planetdə niyə mövcud olduğunuzu öyrənmək istəyirsinizsə, işə Tanrı ilə başlamalısınız. Çünki onun qərarı ilə və onun məqsədləri üçün doğuldunuz”.

16. Stieg Larsson “The Girl with the Dragon Tattoo” (“Əjdaha döyməli qız”). İsveçli jurnalist Stieg Larsson 2004-cü ildə öldü. Onun kitabları ölümündən sonra nəşr olundu və inanılmaz bir uğura imza atdı. Üçlüyünün ilk kitabı olan “The Girl with the Dragon Tattoo” ölümündən bir il sonra nəşr olundu və satışı 30 milyonu keçdi. Kitabın öz əfsanəsinə onun müəllifinin əfsanəsi də qatıldı və bir çox ölkədə ilin ən çox satılanı oldu. Silsilə cinayətlər, azğın bir qatil və tapılması lazım olan bir qızın üzərinə qurulan sujet e-kitab olaraq da çox böyük maraq qazandı. “Mənim çox düşmənim oldu. İllərin mənə öyrətdiyi bir şey var. Uduzacağın göz qabağındadırsa, əsla savaşa girmə. Amma səni təhqir etmiş birini də əsla bağışlama. Zamanın axışına burax və güclü olduğun an hücum et”.

17. Rhonda Byrne “The Secret” (“Sir”). Nəşr olunduğu ilk günlərdən kitab dünyada, xüsusilə də mediada tam bir “Sir” canfəaşanlığı yaratdı. Bir çox insanı sadəcə istəyərək və inanaraq hər şeyi dəyişdirə biləcəyinə, hər arzusunu reallaşdıra biləcəyinə inandırdı. Ən azından 19 milyonluq satış göstəricisi qazanan qədər. Kitabın uğuru özündən sonra eyni mövzulu bir çox kitabın nəşrinə yol açdı. “Biz maqnit kimiyik, bənzərimizi çəkirik. Düşündüyünüz şeylər olursunuz və düşündükləriniz nədirsə, onları çəkirsiniz. Hər zaman xəstəlikdən danışanlar xəstələnir, bolluqdan danışanlar bolluq içində yaşayır”.

18. Richard Dawkins “The God Delusion” (“Tanrı aldanışı”). Ömrünü yaradılış nəzəriyyəsini və ateizmi yaymağa həsr etmiş bir missioner kimi keçirən tanınmış alim Richard Dawkinsin “The God Delusion” kitabı 2006-cı ilin “böyük partlayışı” oldu. İlin ən çox səs gətirənlərindən olan və dinin və Allah inancının zərərlərini aydınlaşdıran kitab uzun müddət müzakirə edildi. Əsər yeni ateizm hərəkatının manifesti oldu. “Mənim hücum etdiyim şeyin adı Tanrıdır. Bütün Tanrılardır. Onlar nə vaxt və nə formada kəşf edilmiş olursa, olsun qeyri-təbii varlıqlardır”.

19. Elizabeth Gilbert “Eat, Pray and Love” (“Ye, Dua et və Sev”). 30 yaşında müasir düşüncəli və çox şeyə sahib bir qadının bunları bir qırağa qoyub, özünü xoşbəxt hiss etdiyi və məmnun olduğu həyatı yaşamaq üçün həyat tərzini köklü şəkildə dəyişdirməsindən bəhs edilən əsər yazıçının əlində olan yaşanmış hekayələrə və təcrübələrə əsaslanır. Yazıçının həyatına qoyduğu üç əsas şey – İtaliyada zövqüncə həyat və eşq, Hindistanda ibadət, İndoneziyada ruhi sabitlik idi. Məmnunluq axtarışındakı müasir qadınlar üçün tərtib edilmiş bu dizayn çox böyük marağa səbəb oldu. “İtki üstünə itki məni kədərli və incik, dəymədüşər bir insana çevirdi və inanın bəlkə də yeddi min il yaşlandırdı məni”.

20. Stephane Hessel “Time for Outrage”(“Özünüzdən çıxın”). 94 yaşlı Hesselin yazdığı kiçik amma manifest dəyərindəki 30 səhifəlik kitabı əsl hadisəyə çevrildi. Xüsusilə də gəncləri sosial ədalətsizliyə, idarəçilərin və sistemlərin yalanlarına, monarxiyaya və bir çox başqa müasirliyi tapdalayan nağıla qarşı ayağa qalxmağa çağıran kitabın 94 yaşlı müəllifi bir anda bir üsyan liderinə çevrildi. “Gənclərə səslənirəm. Bir az axtarın, tapacaqsınız. Ən pis münasibət saymazlıq, laqeydlikdir. “Heç nə edə bilmərəm, əlimdən bir şey gəlmir. Mən öz işimlə məşğulam” – deməkdir. Belə davrananda insanlığı formalaşdıran əsas dəyərlərdən birini itirirsiniz”. 


No comments:

Post a Comment

Post Top Ad

Responsive Ads Here